REGİONLAR


ADAU-nun yeni internet saytı istifadəyə verilib

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizdə aqrar təhsilə və aqrar elmə dövlət qayğısı tədbirləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazası ən müasir tələblərə uyğun şəkildə yenidən qurulub, gənclər arasında aqrar təhsilə maraq artıb, əcnəbi dillərdə təhsil və ikili diplom proqramlarının icrasına başlanılıb, bütövlükdə isə təhsil prosesi və elmi-tədqiqat işləri keyfiyyətcə yeni mərhələyə daxil olub. Bütün bunları, eləcə də qlobal çağırışların tələblərini nəzərə alaraq universitetin real vəziyyətini özündə əks etdirən yenidən hazırlanan “www.adau.edu.az” internet saytı istifadəyə verilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək yeni dizaynda hazırlanan saytın, xüsusilə abituriyentlərin seçim mərhələsində rolundan, bütövlükdə universitetin regional, milli və beynəlxalq səviyyədə tanıdılmasına verəcəyi töhfələrdən danışıb.

Təqdimatda bildirilib ki, Azərbaycan, rus və ingilis dilləri ilə yanaşı müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, Çin, ərəb dillərinə çevrilən sayt universitet həyatının bütün sahələrini, o cümlədən təhsil müəssisəsi haqqında məlumat, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera bölmələrini əhatə edir. Saytın universitet haqqında olan bölməsində təhsil müəssisəsinin tarixi, Gəncə şəhəri, ölkə Prezidentinin təhsil müəssisəsinə səfərləri, rektorun müraciəti, sabiq rektorlar, uğurlu məzunlar, tanıtım materialları, inkişaf strategiyası yarımbölmələri mövcuddur.

Universitetdə təhsil imkanları barədə abituriyentlərə geniş məlumat vermək məqsədilə saytda dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili kimi bölmələr yer alıb. Universitetin beynəlxalq əlaqələrinin inkişafının müasir vəziyyətini nəzərə alaraq müvafiq bölmədə mübadilə proqramları, xarici dillərdə ixtisaslar, ikili diplom proqramları, qəbul qaydaları, əcnəbi tələbələrin asudə vaxtına dair məlumatlar əksini tapıb, onlayn müraciət imkanları yaradılıb.

Universitetin idarə edilməsində tələbələrin fikir və rəylərinin daim diqqət mərkəzində saxlanılması ilə əlaqədar olaraq tələbə həyatı bölməsində tələbə məmnunluq sorğusu, ideya bankı, Aqrar İnkişaf Könüllüləri və digər tələbə təşkilatlarının fəaliyyəti, habelə karyera, tələbələrin asudə vaxtının təşkili məsələləri öz əksini tapıb. Həmçinin universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da yer alıb.

Diqqəti cəlb edən məqamlardan biri də ayrı-ayrılıqda hər bir fakültənin internet saytının, kafedralar haqqında məlumatların, habelə professor-müəllim heyətinin müvafiq dillərdə tərcümeyi-hallarının mövcudluğudur ki, bu da fakültə və kafedralar səviyyəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.