REGİONLAR
ADAU onlayn tədrisə başlayan ilk təhsil müəssisəsidir
Gəncə, 31 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunan tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) distant təhsil texnologiyalarının tətbiqi yolu ilə onlayn-virtual dərslər üçüncü həftədir ki, davam edir və Azərbaycan ali təhsil məkanında bu cür tədris ilk dəfə bu təhsil müəssisəndən başlayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən ilin sentyabr ayından yaradılan ADAU TV vasitəsilə yayımlanan mühazirələrə baxış sayı onu göstərir ki, tələbələr hər mühazirəni maraqla dinləyir və mühazirəçiyə mövzuya uyğun suallar ünvanlayırlar. Gün ərzində yayımlanan 6 mühazirə isə sırf tədris proqramına uyğun aparılır.
ADAU-dan onu da bildiriblər ki, əslində bu distant təhsil texnologiyası olmaqla tədrisin məsafədən təşkilidir və universitetin “facebook” səhifəsi üzərindən, eləcə də ADAU TV vasitəsilə yayımlanır.
Tədris proqramına uyğun söylənən mühazirələrin bütün mətnlərinin əldə edilməsi üçün də hər cür texniki baza mövcuddur və tələbələr bu cür tədris zamanı fəallıq göstərirlər.