ELM VƏ TƏHSİL


ADA Məktəbində BMT Modeli Konfransı keçirilib

Bakı, 21 may, AZƏRTAC

ADA Universiteti nəzdində fəaliyyət göstərən ADA Məktəbində Birləşmiş Millətlər Təşkilatı (BMT) Modeli Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəbin BMT Modeli Konfransının təşkilati komandası tərəfindən keçirilən tədbirin açılış mərasimində ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin köməkçisi Uilyam Əbi Abdullah çıxış ediblər.

Akademik işlər üzrə prorektor Vəfa Kazdal ADA Məktəbinin ilk dəfədir ki, BMT Modeli Konfransı təşkil etdiyini və məktəbdə daim əməkdaşlığa, birgə fəaliyyətə önəm verildiyini diqqətə çatdırıb. ADA Məktəbinin gələcək planlarından bəhs edən Vəfa Kazdal bu formatda beynəlxalq tədbirlərin şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirdiyini və gələcəkdə belə tədbirlərin sayının daha da artırılacağını bildirib.

UNICEF-in nümayəndəsi Uilyam Əbi Abdullah çıxışı zamanı tədbirin bilavasitə məktəblilər arasında keçirilməsindən məmnun olduğunu nəzərə çatdırıb. O əlavə edib ki, belə tədbirlər məktəblilərin BMT-nin fəaliyyəti barədə məlumatını artırır və onlar gələcəkdə BMT təşkilatlarına iş üçün müraciət edə bilərlər. UNICEF rəsmisi dünya üzrə 2020-2021-ci illərdə savadlılıq göstəricisinin artdığını da vurğulayıb.

ADA Məktəbinin keçirdiyi Beynəlxalq BMT Modeli Konfransında 18 dövlət və ölkəmizdəki beynəlxalq məktəbləri təmsil edən 250-dək şagird iştirak edib.

Məktəblilər zərərli maddələrin dövriyyəsi, korrupsiya, miqrantların və onların ailələrinin müdafiəsi və digər qlobal təxirəsalınmaz məsələlər ətrafında müzakirələr aparacaq və qətnamələr qəbul edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.