ELM VƏ TƏHSİL
ADA Universiteti 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yeni nəşrini təqdim edib
Bakı, 5 noyabr, AZƏRTAC
ADA Universiteti 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Azad edilmiş Qarabağ: ADA İcmasının Siyasi Perspektivləri” başlıqlı yeni nəşrini təqdim edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviçin redaktorluğu ilə ərsəyə gələn kitab Qarabağ münaqişəsinin tarixi xronikasını əks etdirməklə yanaşı, İkinci Qarabağ müharibəsi fonunda regionda yaşanan son hadisələrlə bağlı oxucunu məlumatlandırır və elmi proqnozlar verir.
Kitabda Qarabağın azad edilməsinin strateji nəticələri də daxil olmaqla bir çox mövzulara aydınlıq gətirilib. Nəşrin müxtəlif bölmələrində azərbaycanlılarla ermənilər arasında barışıq məsələsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və digər mövzular analiz edilib.
Nəşrin məqsədi ADA-nın professor-müəllim heyətinin, habelə digər ekspertlərin araşdırma nəticələrini bir arada toplayaraq oxucuları regional yeniliklərlə bağlı müfəssəl araşdırma nəticələri ilə təmin etməkdir.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev kitaba yazdığı ön sözdə bu fikri qeyd edib: “Dünyanın hansı hissəsində yaşamağımızdan asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağı Vətən adlandırırlar. Biz hamımız azad edilmiş ərazilərin yenidən inkişafı, eləcə də müharibə nəticəsində dağıdılmış ərazinin dünyanın ən abad və davamlı olaraq tərəqqi edən regionlarından birinə çevrilməsi üçün öhdəmizə düşəni etməyə hazırıq. Ölkəmizin Qarabağla bağlı vizyonu həqiqətən ruhlandırıcıdır və ADA Universitetinin heyəti də bərpa və yenidənqurma prosesinə öz töhfəsini verməyə hazırdır”.
Kitabı ADA Universitetinin rəsmi veb-səhifəsində oxumaq mümkündür: