İQTİSADİYYAT
ADA Universiteti Bakı Fond Birjasının "Listinq Məsləhət Proqramı"na qoşulub
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ilə ADA Universiteti arasında Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – "Listinq Məsləhət Proqramı" (LMP) üzrə əməkdaşlıq haqqında saziş imzalanıb.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, sazişin məqsədi elm və təcrübə arasında əlaqələrin möhkəmlənməsi, qabaqcıl elmi biliklərin təcrübədə tətbiqi, kapital bazarları üzrə yüksəkixtisaslı mütəxəssislərin formalaşmasına töhfə verməkdir.
Sazişə əsasən Azərbaycanda kapital bazarları üzrə insan resurslarının inkişaf etdirilməsi, o cümlədən proqrama müraciət etmiş şirkətlərə BFB-də listinqə daxil olmaları üçün təlim ehtiyaclarının ödənişsiz əsaslarla müəyyənləşdirilməsi və təmin edilməsi, onların investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində birgə əməkdaşlıq nəzərdə tutulur. Eyni zamanda, razılaşmaya əsasən Universitetin tələbələri üçün BFB-də təcrübə proqramları və karyera imkanları istiqamətləri inkişaf etdiriləcək.
BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.
Proqram çərçivəsində şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr, biznes idarəçiliyi üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
Listinq Məsləhət Proqramının xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
ADA Universiteti Azərbaycanda beynəlxalq nüfuzlu təhsil ocağı olmaqla diplomatiya, ictimai və beynəlxalq münasibətlər, biznes, təhsilin idarəedilməsi, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində bakalavr və magistr proqramları tədris edir.
Universitetin Biznes Məktəbi və ixtisasartırma proqramları regionda aparıcı yerləri tutmaqla, qlobal səviyyəli mütəxəssislərin formalaşmasında töhfə verməkdədir.