ELM VƏ TƏHSİL


ADA Universiteti Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə bakalavr proqramı təqdim edir

Bakı, 23 may, AZƏRTAC

ADA Universiteti Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə bakalavr proqramı təqdim edir.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, yeni ixtisas ADA Universiteti bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin italyan universitetləri ilə qurduğu əməkdaşlıqdan faydalanaraq təqdim edilir. Belə ki, ixtisas fənləri ADA Universiteti ilə yanaşı, İtaliyanın Turin Politexnik Universitetinin professor-müəllim heyəti tərəfindən ingilis dilində tədris olunacaq. Tələbələr akademik mübadilə proqramı vasitəsilə həm Azərbaycanda, həm də İtaliyada oxuyacaqlar.

İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Səncər Yerelan bildirib ki, bu sahə üzrə təhsil alan gənclər ADA Universitetinin kampusundakı yüksək texnoloji resurslara malik yeni laboratoriyalarda praktiki bacarıqlar əldə edəcəklər. Sözügedən proqram Azərbaycanın sosial-iqtisadi, milli prioritetlərini və beynəlxalq əmək bazarının yeni tendensiyalarını nəzərə alaraq təsis edildiyindən məzunlar əmək bazarında yüksək tələb görən mütəxəssis kimi yetişəcəklər.

Abituriyentlər proqrama həm Dövlət İmtahan Mərkəzi, həm də SAT imtahanı nəticələri ilə sənəd verə biləcəklər.

Bu ixtisas üzrə təhsil alacaq tələbələrə xüsusi fürsətlər verilir. Belə ki, 600-dən yuxarı bal toplayanlar bir il ərzində 50 faiz, 650-dən yuxarı bal toplayanlar isə bir il müddətində 100 faiz təhsil haqqı güzəşti əldə edəcəklər. 690-700 bal toplayanlar isə bütün bakalavr təhsil müddəti ərzində təhsil haqqından tam azad olunacaqlar. Bundan əlavə, bütün tələbələr Təhsil Nazirliyi tərəfindən təklif olunan təhsil tələbə kreditinə müraciət edə biləcəklər.

Qeyd edək ki, bu yaxınlarda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti İtaliyanın Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universitetinin birgə əməkdaşlığı nəticəsində təsis edilir.

Yeni Elektrik və elektronika mühəndisliyi proqramı barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla bağlı isə [email protected] ünvanına və ya 994502749551 nömrəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.