ELM VƏ TƏHSİL


ADA Universiteti Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə onlayn forum keçirib

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də ADA Universiteti Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə onlayn forum keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələrinin, ADA Universiteti və Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunun tələbə və professor-müəllim heyətinin iştirakı ilə keçirilən onlayn forum ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə reallaşıb.

“Hər iki ölkə müxtəlif beynəlxalq platformalarda ikitərəfli dəstək sərgiləyir”, - deyən prorektor F.İsmayılzadə iki ölkə arasındakı mehriban dostluq və qonşuluq münasibətlərindən bəhs edərək qeyd edib ki, ADA Universiteti ilk onlayn formatda forumu Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutu ilə keçirir.

ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev çıxış edərək Azərbaycanla Türkmənistan arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Anar Vəliyev söyləyib: “Türkmənistanla bağlı tədqiq edilə biləcək sahələr olduqca genişdir. Bu çərçivədə Azərbaycan və Türkmənistanın əldə etdiyi akademik təcrübəni və bilikləri bölüşməsi əməkdaşlığımızın vacib istiqamətlərindən biri ola bilər. ADA Universiteti də onlayn dərslər təşkil etməklə bu əməkdaşlığa öz faydasını verə bilər”.

İki ali təhsil ocağı arasında imzalanan Memorandumu xatırladan Türkmənistan Beynəlxalq Münasibətlər Universitetinin nümayəndəsi ADA Universitetinin professor-müəllim heyəti ilə keçirilən görüş və müzakirələrdən bəhs edib.

Onlayn forum zamanı Azərbaycan və Türkmənistan arasında nəqliyyat, turizm, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın detalları, "Şərq-Qərb nəqliyyat dəhlizi" kontekstində hər iki ölkənin vacib rolu ətraflı şəkildə müzakirə edilib, beynəlxalq münasibətlərdə Mərkəzi Asiyanın rolunun artması fonunda Türkmənistanın Çin və Rusiya ilə hazırkı münasibətlərinə toxunulub.

Sonda tələbələr öz suallarını ünvanlayaraq müzakirələrdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.