ELM VƏ TƏHSİL
“ADA” Universiteti abituriyentləri və valideynləri “Açıq qapı” günlərinə dəvət edir
Bakı, 26 iyul, AZƏRTAC
“ADA” Universiteti abituriyentləri və valideynləri avqustun 1-dən 5-dək keçiriləcək “Açıq qapı” günlərinə dəvət edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, onları maraqlandıran suallarla “ADA” Universitetində çalışan müəllimlərə müraciət edə biləcəklər.
Məlumat sessiyasından sonra iştirakçılar “ADA” Universitetinin kampusu ilə tanış olacaqlar.
2016-2017-ci tədris ili üçün “ADA” Universiteti birinci ixtisas qrupu üzrə kompyuter elmləri, kompyuter mühəndisliyi, sistem mühəndisliyi, informasiya texnologiyaları, ikinci ixtisas qrupu üzrə: beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, üçüncü ixtisas qrupu üzrə: dövlət və ictimai münasibətlər bakalavr proqramlarını təklif edir.
“ADA” Universitetinə gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.