CƏMİYYƏT


ADA Universiteti ilə “Azərenerji” ASC elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirəcəklər

Bakı, 9 aprel, AZƏRTAC

ADA Universiteti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb. Tərəflər elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirəcəklər.

Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev imzalayıblar.

ADA Universitetindən AZƏRTAC-a bildiriblər ki, sənədə əsasən, elektrik mühəndisliyi sahəsində kadr hazırlığının yüksək səviyyədə təşkili və ümumilikdə, bu sahənin potensialını genişləndirmək üçün “Azərenerji” ilə ADA birgə tədbirlər həyata keçirəcəklər.

Memorandumdan əlavə ADA Universitetinin Fondu və “Azərenerji” ASC arasında da sənəd imzalanıb. Sənəd növbəti beş il ərzində 15 tələbənin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ADA və xarici ölkələrdəki nüfuzlu universitetlərin ikili diplomunu almaq şərti ilə təhsil haqqını maliyyələşdirmək barədədir.

Görüşdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, ADA-da yeni tədris sahəsi üzrə tələbə təqaüd proqramlarının dəstəklənməsi elektrik mühəndisliyi sahəsində istedadlı tələbələrin üzə çıxarılmasına və onların yetişdirilməsinə yardım edəcək.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev isə qeyd edib ki, təhsil ocağı ilə əməkdaşlıq elektrik mühəndisliyi və enerji məsələləri üzrə beynəlxalq təcrübənin daha yaxından təhlilinə və ölkəmizdə tətbiqinə imkan yaradacaq. Eyni zamanda, “Azərenerji” ASC-nin yüksəksəviyyəli gənc kadrlarla tələbatının ödənilməsinə yardımçı olacaq.

Qeyd edək ki, memoranduma əsasən, ADA Universiteti və “Azerenerji” birgə elmi tədqiqat və layihə-konstruktor işlərini də həyata keçirəcək. Səhmdar cəmiyyət öz peşəkar kadrlarının bilik və bacarıqlarını ADA Universitetinin İxtisasartırma Proqramı vasitəsilə genişləndirməklə yanaşı, həm də universitet tələbələrinin kurs, buraxılış işləri və magistrantların dissertasiya mövzuları üzrə mütəxəssis rəyi də verə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.