ELM VƏ TƏHSİL


ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb

Bakı, 7 may, AZƏRTAC

ADA Universiteti Qarabağın tarixi irsini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə tanıtmaq üçün yeni layihəyə başlayıb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Qeyd olunub ki, “Qarabağın ruhu” (The Soul of Karabakh) layihəsi dünyaca məşhur fotojurnalist Reza Deqati ilə birgə həyata keçiriləcək.

Layihə çərçivəsində bir neçə xarici dildə (fars, fransız, ingilis, ispan, rus, erməni və s.) fəaliyyət göstərən veb-sayt hazırlanacaq. Veb-saytın müxtəlif bölmələrində Qarabağın memarlığını, incəsənətini, musiqisini, ədəbiyyatını, təbiətini və bu bölgəyə məxsus dəyərləri əks etdirən vizual və yazılı məlumatlar əksini tapacaq.

Saytda Reza Deqatinin 1992-ci ildən, Birinci Qarabağ müharibəsindən 44 günlük Vətən müharibəsinədək Qarabağla bağlı çəkdiyi və beynəlxalq sərgilərdə nümayiş etdirilən şəkilləri yer alacaq.

“Layihə Qarabağın dünənini və bu gününü anlaşıqlı dildə, yəni fotoqraf gözü və şəkillərin dili ilə dünyaya çatdıracaq. Qarabağda aparılan yenidənqurma və bərpa işlərini əks etdirən şəkil və məlumatlar isə Qarabağın gələcəyini əks etdirəcək.

Şəkillər “danışır” və onlar Qarabağ həqiqətlərini ən bariz formada beynəlxalq ictimaiyyətə çatdıracaq”, - deyə Reza Deqati bildirib.

Qeyd edək ki, Reza Deqati İkinci Qarabağ müharibəsi zamanı da ölkəmizə səfər edib, bu bölgədə şəkillər çəkərək müharibəni işıqlandırıb.

Hazırda yenidən ölkəmizdə səfərdə olan səyyah-fotoqraf layihə ilə bağlı işğaldan azad edilmiş əraziləri qarış-qarış gəzəcək və bu bölgədə ilin sonunadək fotoçəkilişlər həyata keçirəcək.

Bundan əlavə, Azərbaycan əsilli fotoqraf ADA Universitetinin təşkilatçılığı ilə mədəniyyətimizin tərkib hissəsi olan Qarabağ irsini tanıtmaq məqsədilə yerli və xarici universitetlərdə, beyin mərkəzlərində mühazirələr verəcək. O, layihə müddətində yerli mətbuat nümayəndələri və tələbələr üçün təlimlər keçəcək.

Reza Deqatinin çəkdiyi fotolarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.

https://www.facebook.com/Rezaphotojournalist

https://instagram.com/rezaphotography?igshid=xxt585qxb8fd

https://twitter.com/rezaphotography?s=21

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.