REGİONLAR
ADA Universiteti tərəfindən Naxçıvanda keçirilən üçgünlük ixtisasartırma kursu başa çatıb
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən ixtisasartırma kurslarının ikinci mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, kursun birinci günü ADA Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva idarənin diplomatik heyət üzrə əməkdaşlarına ünsiyyət bacarıqları, qeyri-şifahi ünsiyyət, mədəniyyətlərarası ünsiyyət, mədəniyyətlərarası ünsiyyətdə maneələr, komanda işi və motivasiya, komanda əsasları, komanda motivasiyası məsələləri barədə danışıb.
Kursun ikinci günündə ADA Universitetinin hökumət, beynəlxalq münasibətlər və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadə iştirakçılara Azərbaycan Respublikasının Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərindən, kursun üçüncü günündə isə ADA Universitetinin İctimai və beynəlxalq əlaqələr fakültəsinin dekanı Elnur Sultanov kommersiya (ticarət) diplomatiyası və Azərbaycanın regiondakı geosiyasətindən bəhs ediblər.
Üçüncü gün yekun qiymətləndirilmədən sonra idarənin 13 əməkdaşına sertifikatlar təqdim olunub.
ADA Universiteti tərəfindən bu qəbildən kurslar 2007-ci ildən keçirilir. Naxçıvan Muxtar Respublikasında isə belə tədbir ilk dəfə bu il təşkil edilib. Kursun birinci mərhələsi sentyabr ayında keçirilib, ikinci mərhələyə isə oktyabrın 9-da yekun vurulub. Bu kursda diplomatiya və digər istiqamətlərlə yanaşı, konsulluq məmurlarının əsas vəzifə və məsuliyyətləri haqda da ətraflı söhbət açılır.