İQTİSADİYYAT


“ADA” Universiteti və “SOCAR Capital” Azərbaycanın kapital bazarlarında baş verən prosesləri müzakirə edib

Bakı, 20 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 20-də “ADA” Universiteti və “SOCAR Capital” şirkətinin təşkilatçılığı ilə “Qlobal kapital bazarlarında fəaliyyət və uğurlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetində təşkil olunan konfransda dünyanın və Azərbaycanın kapital bazarlarında baş verən proseslər, ölkəmizdə bu sahədəki yeniliklər və əldə edilən uğurlar, eləcə də, gələcəkdə maliyyə və kapital bazarlarında gözlənilən dəyişikliklər və bu prosesdə texnoloji yeniliklərin rolu barədə müzakirələr aparılıb.

Konfransda “ADA” Universitetinin tələbə-müəllim heyəti, SOCAR rəhbərliyi, “SOCAR Capital” şirkətinin rəhbərliyi və ekspertləri, ölkənin bir sıra bank və biznes strukturlarının nümayəndələri, müstəqil ekspertlər və mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə qlobal kapital bazarları, bu sahədəki yeniliklər, texnoloji yeniliklərin rolu ilə bağlı maraqlı təqdimatlar edilib.

Konfransda “PASHA Holding”in idarə heyəti sədrinin 1-ci müavini Cəlal Qasımov “Kapital bazarları bank sektorunun inkişafına necə dəstək verə bilər?” mövzusunda təqdimatla çıxış edib.

Onun sözlərinə görə, hazırda yeni yanaşmalara əsasən, kapital bazarları və bank sistemi bir-birini tamamlamalı və bir yerdə inkişaf etməlidir. Təqdimatda bildirilib ki, Azərbaycanda bank sisteminin kapital bazarlarından geniş maliyyələşmə təmin edə bilməməsi əsasən bazarın dərin olmaması ilə əlaqədardır. Belə ki, kapital bazarlarının dərinliyini xarakterizə edən göstəricilər üzrə Azərbaycan bir sıra dünya ölkələrindən, o cümlədən ortagəlirli ölkələrin orta göstəricisindən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə ölkədə həmin sahənin inkişafı üçün böyük potensialın olduğunu göstərir.

C.Qasımov qeyd edib ki, kapital bazarları və bank sistemi arasındakı əlaqənin işlək hala gəlməsində əsas şərtlərdən biri maliyyə və real sektordakı şəffaflıqdır.

Tədbirdə “Kapital bazarları. Yeni era” mövzusunda təqdimatla çıxış edən Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov, Azərbaycanın qiymətli kağızlar bazarı, buradakı alətlər, bazar iştirakçıları, emitent və investorlar üçün yaradılan imkanlar haqqında geniş məlumat verib.

Onun sözlərinə görə, kapital bazarının inkişafı üçün texnoloji, qanunvericilik və qabaqcıl xarici təcrübəyə əsaslanan yeniliklər edilib, Bakı Fond Birjasında (BFB) müasir bazar infrastrukturu qurulub. Son dövrlər qiymətli kağızlar bazarında baş verən ən mühüm yeniliklərdən biri isə çevik və likvid maliyyə aləti olan SOCAR istiqrazlarının buraxılması olub.

BFB rəhbəri bildirib ki, yeni texnologiyalar kapital bazarlarına da ciddi yeniliklər gətirib, o cümlədən investorların bazarlara çıxışını sadələşdirib.

“İqtisadiyyat 2.0” mövzusunda təqdimatla çıxış edən maliyyə bazarları üzrə Türkiyənin tanınmış eksperti, SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu dünyada baş verən texnoloji yeniliklər və bu yeniliklərin maliyyə-kapital bazarlarına təsiri, eləcə də, qarşıdakı 10 il ərzində gözlənilən yeniliklər haqqında danışıb.

A.Ağaoğlu bildirib ki, hazırda davam edən texnoloji inqilab dünya iqtisadiyyatının quruluşunu və xəritəsini sürətlə dəyişməkdədir. Yeni texnologiyalara əsaslanan “rəqəmsal dünya” və yeni istehlakçılar təbəqəsi formalaşır, yeni enerji mənbələri isə neft bazarını kökündən dəyişir. Kapital bazarlarında yaranan yeni xidmətlər və məhsullar, o cümlədən kriptovalyutalar ənənəvi xidmətlərlə rəqabətdədir. Bütün bunlar insanların həyatına və yaşam tərzinə də ciddi yeniliklər gətirəcək.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimatlar interaktiv müzakirələr və sual-cavabla davam edib.

Konfransda belə tədbirlərin və burada səslənən məlumatların tələbələr üçün olduqca vacib və faydalı olduğu qeyd edilib. Bildirilib ki, bu biliklər sürətlə dəyişən iqtisadi aləmdə gənc mütəxəssislərin formalaşması və onların gələcək fəaliyyəti üçün mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.