SİYASƏT
ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir
AZƏRTAC xəbər verir ki, təlim kursunun açılışında universitetin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxış edərək məqsədin xarici diplomatlara və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat vermək olduğunu deyib. Rektor bildirib ki, kurs müddətində iştirakçılar bu regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari və iqtisadi münasibətləri, geopolitik və regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar.
Kursda Qazaxıstan, İordaniya, Küveyt, Livan, Özbəkistan, Türkiyə, Malayziya, Pakistan, İndoneziya, Banqladeş, Mərakeş, Bəhreyn, Yəmən, Sudan və Tacikistanın Xarici İşlər Nazirliyində çalışan yüksək çinli 15 diplomat iştirak edir.
Təlimçilər arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var.
Sentyabrın 16-dək davam edəcək kursun iştirakçıları Azərbaycanın Xarici İşlər Nazirliyində, Nobel Qardaşları Muzeyində olacaq, Şəkiyə və Qəbələyə səfər edəcəklər.
Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
Xatırladaq ki, 2010-cu ildən etibarən keçirilən bu təlimdə indiyədək 5 türk diplomatı, Asiya, Afrika, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrinin 45 diplomatı, o cümlədən ABŞ-dan 11 tədqiqatçı və tələbə iştirak edib.