İQTİSADİYYAT
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
“ADA” Universitetində Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə “Bilik mübadiləsi” layihəsi çərçivəsində “Kapital Bazarları – MASTERCLASS” təlimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, universitetin Biznes Məktəbinin dekanı Elkin Nurməmmədov “Kapital Bazarları” mövzusunda təlimlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov “Kapital Bazarları - MASTERCLASS” təlimlərinin BFB tərəfindən ali təhsil müəssisələrində mütəmadi keçirildiyini bildirərək, təşkil olunmuş tədbirin praktiki biliklərin tələbələr arasında təşviqinin vacibliyini qeyd edib.
Təlimdə BFB-nin peşəkar təlimçiləri Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili və Biznesin İnkişafı qrupunun aparıcı mütəxəssisi Əli Orucov təqdimatla çıxış ediblər. Təqdimatlarda iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, eləcə də “IPO” mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş məlumatlar verilib. Mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Təlimlərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi, kapital bazarları üzrə gənc mütəxəssislərin hazırlanması istiqamətində nəzəri və praktikyönümlü institutlar arasında sinerjinin təmin edilməsidir.