ELM VƏ TƏHSİL


ADA Universitetində Heydər Əliyevə həsr edilmiş natiqlik müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da ADA Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Homeland is…” (“Vətən odur ki,...”) mövzusunda natiqlik müsabiqəsinin final mərhələsi keçirilib. Final mərhələnin leytmotivi kimi Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı seçilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştiraketmə hüququnu “Natiqlik” fənni üzrə semestr ərzində yüksək nəticələr göstərən ən yaxşı 10 tələbə qazanıb. İştirakçılar natiqlik bacarıqları və mükəmməl ingilis dili biliklərindən istifadə edərək vətəndaşlıq dəyəri barədə ruhlandırıcı çıxış etməli idilər. ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdalın sədrliyi ilə münsiflər heyətində bu sahənin peşəkarları təmsil olunub. Müsabiqə finalçılarına yarışa hazırlıq mərhələsində “Azerbaijan Public Speaking Competition” təşkilatının mütəxəssisləri dəstək veriblər.

Müsabiqənin nəticələrinə görə, bakalavr tələbələri Mehdiqulu Mahmudov I, Xəlil Xəlilzadə II, Asnaya Zeynallı isə III yerə layiq görülüb. Qaliblər diplomlar və kitab mağazalarına hədiyyə kartları ilə təltif olunub.

Münsiflər heyətinin üzvü, tanınmış teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nərgiz Cəlilova qalibləri təbrik edərək qeyd edib: “Tələbələr olduqca sərbəst, emosiya dolu, ingilis dilində gözəl çıxışlar nümayiş etdirdilər. Xüsusilə də verilən mövzuda fikirləri göstərir ki, ADA Universitetinin divarları arasında onlar yalnız təhsil deyil, həm də mənəvi cəhətdən mükəmməl tərbiyə alır və vətəndaş kimi formalaşırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.