ELM VƏ TƏHSİL


ADA Universitetində “Kritik Enerji İnfrastrukturunun Qorunması və Dayanıqlılığı” üzrə praktiki məşğələlər başlayıb

Bakı, 29 iyun, AZƏRTAC

İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) İxtisasartırma Proqramlarının, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin Enerji üzrə Akademik qrupunun, BP Azərbaycan və SOCAR-ın birgə əməkdaşlığı ilə “Kritik Enerji İnfrastrukturunun Qorunması və Dayanıqlılığı” proqramı fəaliyyətinə başlayıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-dək davam edəcək Proqramda müxtəlif nazirliklərin, dövlət agentlikləri və qurumların enerji, infrastruktur, informasiya, kommunikasiya və müdafiə təhlükəsizliyi məsələlərinə məsul əməkdaşları iştirak edirlər.

Proqram çərçivəsində keçiriləcək praktiki məşğələlər Azərbaycanın kritik enerji infrastrukturu sistemlərinin təhlükəsizliyini və davamlılığını artırmaq üçün “Enerji İnfrastrukturunun Dayanıqlılığı Planı”nın işlənib hazırlanmasına sistemli yanaşmanın irəli sürülməsinə yönəlib.

Proqram ərzində təşkil ediləcək xüsusi sessiyalarda enerji infrastrukturunun mühafizəsi, davamlılıq metodları, konseptual dizaynların inkişafı, analizi, tələb və alternativlərin müzakirəsi ilə bağlı qabaqcıl təcrübələr bölüşüləcək, məlumat mübadiləsi və sindikat işi həyata keçiriləcək. Bu sessiyaların məqsədi tərəfdaş ölkənin enerji təhlükəsizliyi səylərini artırmaq, bu istiqamətdəki boşluqları və təkmilləşdirmə imkanlarını müəyyənləşdirməkdir.

ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin mühazirəçiləri təqdimat və qrup işləri vasitəsilə infrastrukturun mühafizəsi və dayanıqlılığın təmin edilməsi üçün tətbiqi mühəndislik metodlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, tədbirin ilk günü ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin məruzəçiləri Təhminə Kərimova, Brenda Şaffer, Entoni Polman və Endi Hernandez, eləcə də Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi (ABŞ) Devid Villey çıxış ediblər.

Xatırladaq ki, “Kritik Enerji İnfrastrukturunun Qorunması və Dayanıqlılığı” proqramı fəaliyyətinə iyunun 27-dən başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.