ELM VƏ TƏHSİL


ADA Universitetində dəyirmi masa: “Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?”

Bakı, 8 aprel, AZƏRTAC 

Aprelin 8-də ADA Universitetində “Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar çərçivəsində keçirilən dəyirmi masaya ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roland Saqdeyev moderatorluq edib.

Tədbirdə Flerov adına nüvə reaksiyaları laboratoriyasının direktoru Sergey Dmitriyev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və idarə heyətinin sədri Paolo Qubellino (Almaniya), Praqada Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

S.Dmitriyev “Mendeleyev dövrü cədvəlində ən ağır elementlər. Bu gün və gələcək” mövzusunda təqdimat edib. O, belə tədbirlərin Azərbaycanın müvafiq sahəyə töhfə verməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

P.Qubellino sədrlik etdiyi FAIR-in fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bu müəssisə dünyada ən geniş “Data mərkəz”lərindəndir. Alim tədqiqat mərkəzinin həyata keçirdiyi layihələr nəticəsində əldə olunan yeni kəşflər və izotoplar barədə də danışıb. Mərkəzin həyata keçirdiyi layihədə 9 ölkənin beynəlxalq payçı və 1 ölkənin assosiativ tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb. Mərkəzin kosmik radiasiyadan mühafizə sahəsində də eksperimentlər apardığını deyən P.Qubellino bu araşdırmaların uğurlu nəticələri olaraq daha uzaq, məsələn Mars planetinə kosmik səfərlərin asanlaşacağını qeyd edib.

“Nüvə və zərrəciklər fizikası” mövzusunda təqdimatla çıxış edən İ.Stekl bildirib ki, XX əsrdə zərrəciklər fizikası qarşısında duran ən aktual məsələ yüksək enerji fizikası sahəsində güclü kollayderlər vasitəsilə zərrəciklərin araşdırılması olub. O, həmçinin XXI əsrdə bu sahədə aşağı enerji fizikası və aşağı sıxlıqlı elementlərin araşdırılmasının əhəmiyyətinin artdığını qeyd edib. İ.Stekl rəhbərlik etdiyi institutun apardığı son eksperimentləri və layihələri diqqətə çatdırıb.

Sonda akademik R.Saqdeyev bildirib ki, beynəlxalq seminar çərçivəsində BDU ilə Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında imzalanmış əməkdaşlıq protokolu gələcəkdə Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa qoşulmasına təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.