CƏMİYYƏT


“ADA” Universitetində kəşfiyyatçı zabitin döyüş yolu xatırlanıb

Bakı, 6 aprel, AZƏRTAC

Aprel döyüşlərində böyük şücaətlər göstərmiş polkovnik-leytenant Raquf Orucov ən zəngin döyüş bioqrafiyası olan hərbi hissə komandirlərindən biri idi. Təsadüfi deyil ki, hələ sağlığında ikən onu əfsanəvi qəhrəman, “Murov qartalı” hesab edirdilər. Kəşfiyyatçı zabit şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görülüb.

Cəsur kəşfiyyatçının ən böyük arzularından biri övladlarını Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran ali təhsilli diplomat kimi görmək idi. R.Orucov şəhidliyə qovuşandan sonra oğlu Aqşin onun bu arzusunu həyata keçirib və hazırda “ADA” Universitetinin tələbəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “ADA” Universitetinin Tələbə Şurası və “Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə danışılıb.

“ADA” Universitetində keçirilən tədbirdə aparat rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə Şurasının sədri Qoşqar Qədimbəyli, qəhrəmanın oğlu Aqşin Orucov Aprel döyüşlərinin əhəmiyyətindən və həmin döyüşlər zamanı xüsusi rəşadət göstərmiş R.Orucovun igidliyindən bəhs ediblər.

“Torpaq uğrunda ölən varsa, Vətəndir” kəlamını xatırladan Milli Məclisin deputatı Q.Paşayeva Aprel döyüşlərinin əhəmiyyətindən, igidlərimizin qanı bahasına azad edilən Vətən torpaqlarının müqəddəsliyindən danışıb. O, Qarabağın azadlığı uğrunda hər şeyə hazır olan və bu yolda canını fəda edən R.Orucovun nümunəvi hərbçi keyfiyyətləri ilə yanaşı, yüksək şəxsi keyfiyyətləri və mənəvi zənginliyi barədə xatirələrini söyləyib. Milli Məclisin deputatı çıxışını bu sözlərlə yekunlaşdırıb: “Hər kəs öz sahəsində bir Raquf Orucov nümunəsi göstərməlidir”.

Milli Məclisin deputatı Adil Əliyev polkovnik-leytenant R.Orucov kimi vətənpərvər, igid oğulların şərəfli həyat və döyüş yolunun gənclər üçün əsl örnək və qürur mənbəyi olduğunu bildirib. Qeyd edilib ki, R.Orucov kimi zabitlərin qəhrəmanlıqla dolu ömür yolu yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacaq.

Tədbirdə R.Orucovun hərbçi ömrünün ayarı-ayrı məqamlarını əks etdirən videosüjet nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.