ELM VƏ TƏHSİL
ADA Universitetində mədəni diplomatiyaya həsr olunmuş tədbir keçirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də ADA Universitetində Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni diplomatiya anlayışı və Türkiyənin mədəni diplomatiyasında TİKA və Yunus Emre İnstitutunun rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universitetinin əsas məqsədlərindən biri diplomatiya sahəsində kadrların hazırlanmasıdır. Mədəniyyət diplomatiyasında Türkiyənin təcrübəsinin faydalı olduğunu deyən prorektor TİKA və Yunus Emre İnstitutunun bu ölkənin xarici siyasətində rolunu qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkənin diplomatik əlaqələrindən danışıb. Bildirib ki, beynəlxalq arenada dövlətin yeri və nüfuzu təkcə onun siyasi çəkisi və iqtisadi resursları ilə deyil, həm də onun tərkibində yaşayan xalqların mədəni irsi ilə müəyyən edilir. Beynəlxalq miqyasda dövlətlərin xarici mədəniyyət siyasəti dövlət siyasətində xüsusi yer tutur.
Yunus Emre İnstitutunun rəhbəri Cihan Özdəmir və TİKA-nın Bakı ofisinin əlaqələndiricisi Teoman Tiryaki Türkiyənin mədəni diplomatiyasında hər iki qurumun həyata keçirdiyi işlərdən danışıblar.
Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib.
Müzakirələrdə hər iki ölkənin diplomatik vasitələrindən, o cümlədən təhsil və mədəniyyət mübadiləsinə əsaslanan beynəlxalq əlaqələrindən danışılıb.