ELM VƏ TƏHSİL


ADA Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da ADA Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADA Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri, eləcə də Xalq artisti Ülviyyə Hacıbəyova Ümummilli Liderin sevilən şeir və mahnılarını ifa ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bu tədbirin milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Prorektor əlavə edib ki, Heydər Əliyev uzaqgörən siyasətçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın mədəniyyət və incəsənətinin əsas təbliğatçısı kimi çıxış edib. Vəfa Kazdal gəncləri Ulu Öndərin aşıladığı dəyərləri mənimsəməyə və qoruyub saxlamağa səsləyib.

Tədbirdə çıxış edən professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Ümummilli Liderin mədəniyyətə olan vurğunluğundan bəhs edib.

“Heydər Əliyevin çoxşaxəli fəaliyyəti dinləyicilərə polifonik ifanı xatırladır”, - deyən

Zümrüd Dadaşzadə Ümummilli Liderin xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbətlə yanaşdığını qeyd edib.

O, çıxışında Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlərin qorunması istiqamətində göstərilən qayğıdan söz açıb və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Tədbirin bədii hissəsi Xalq artisti Ülviyyə Hacıbəyovanın piano ifası ilə başlayıb.

Sonra tədbir iştirakçıları tələbələrin ifasında Mikayıl Müşfiqin “Rəssam” şeirini, Beynəlxalq Muğam Mərkəzinin triosu tərəfindən “Alagöz” əsərini, Firuzə Bəylərovanın piano müşayiətilə Tofiq Quliyevin “Qaytağı” əsərini və digəri kompozisiyaları dinləyiblər.

Tədbir zamanı Heydər Əliyevin incəsənət xadimləri ilə görüşlərini əks etdirən arxiv videoları nümayiş etdirilib. Eyni zamanda, ADA Kitabxanasının qarşısında ucalan Heydər Əliyevin abidəsinin qurucusu Sergey Eylanbekovun müsahibəsi iştirakçılara təqdim edilib. S.Eylanbekov ADA Universitetin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə kampusda ucaldılan heykəltəraşlıq nümunəsinin tarixindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.