ELM VƏ TƏHSİL
“ADA” Universitetindən “ingilisdilli” yay mövsümü
Bakı, 15 may, AZƏRTAC
“ADA” Universiteti yay mövsümü ərzində müxtəlif yaş və bilik səviyyəsi olan qrupları üçün maraqlı formatda ingilis dili kurslarını və yay məktəbini təklif edəcək. Onlara qeydiyyat artıq açıqdır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İçərişəhərdə yeni fəaliyyətə başlamış “Ədibin Evi”ndə danışıq qabiliyyətini inkişaf etdirmək istəyənlər ingilis dilində danışıq kursuna yazıla bilərlər. Həftədə üç dəfə keçirilən dərslər zamanı iştirakçılar müxtəlif mövzular üzrə müzakirələr apararaq ana dili ingilis dili olan peşəkar müəllimlə danışıq qabiliyyətlərini qısa vaxtda təkmilləşdirə biləcəklər. Dərslərdə əcnəbi diplomatlar da qonaq qismində iştirak edəcəklər. Tədris iyunun 5-dən başlayaraq beş həftə ərzində hər dərs iki saat olmaqla keçiriləcək. Qeydiyyat mayın 26-dək davam edəcək.
Yay mövsümünü maraqlı və əyləncəli proqrama qatılmaqla keçirmək istəyən məktəbliləri “ADA” Yay Düşərgəsi gözləyir. 9-14 yaş arası yeniyetmələrə açıq olan bu düşərgə zamanı şagirdlər dörd həftə ərzində müxtəlif mövzuları əhatə edəcəklər: “Teatr və incəsənət”, “Ətrafımızdakı dünya”, “Fotoqraflıq və media”, “İrs düşərgəsi” üzrə gündəlik dərslər “ADA” Universitetinin Avropa İttifaqı üzrə Bilik Mərkəzi ilə birgə təşkil edilərək dünyanın ən zəngin mədəni irsli qitəsi olan Avropanı şagirdlərə daha yaxından tanıdacaq. Dərslərdə Avropa ölkələrinin paytaxtımızda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları qonaq qismində çıxış edəcəklər. Məktəblilər düşərgəyə iyulun 3-dən 28-dək və ya həftəlik proqram əsasında yazıla bilərlər. Yay Düşərgəsi iştirakçılarının ümumi dünyagörüşü, məntiqi və tənqidi təfəkkürü inkişaf edəcək, onlar yeni dostlar qazanacaq, eyni zamanda özlərini və qabiliyyətlərini bir daha kəşf edəcəklər. Qeydiyyat iyunun 15-dək davam edəcək.
Özlərini daha intensiv tədris proqramında sınamaq istəyənlər üçün isə “Akademik Məqsədlər üçün İngilis Dili” proqramı təklif olunacaq. Bu dil proqramı sırf təhsil, təlim və peşəkar məqsədlər üçün hazırlanmış və ABŞ-ın aparıcı dil məktəblərində istifadə olunan kurikulum və dərsliklər əsasında tədris edilir. Proqram əsasında tələbənin qrammatika ilə yanaşı, digər dil bacarıqları, o cümlədən dinləmə, danışıq, surətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətləri də inkişaf edir. İntensiv kurslara beş həftə ərzində 150 saat dərs daxildir. Bu kurslar bir və ya iki dil səviyyəsini aşılayır. Proqrama yaşı 14 və daha yuxarı olan tələbələr müraciət edə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə “ADA” Universitetinin sertifikatı təqdim edilir. “Upper-İntermediate” səviyyəsini uğurla keçən tələbələr “ADA” Universitetinin bakalavr səviyyəsinə qəbul olunduqda dil imtahanından azad edilirlər. Dərslər iyunun 5-də başlayır. Qeydiyyat mayın 26-dək davam edəcək.
Maraqlananlar
• “Ədibin Evi”ndə İngilis Dilində Danışıq Kursuna [email protected]
• “ADA” Yay Düşərgəsinə [email protected]
• Akademik Məqsədlər üçün İngilis Dilinə [email protected] linkləri vasitəsilə müraciət edərək yazıla bilərlər.
Əlaqə telefonu (012) 437 3235.