ELM VƏ TƏHSİL


ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzi, İtaliyanın Berqamo və Əlcəzairin Setif 2 universitetlərinin birgə layihəsi yekunlaşıb

Bakı, 27 noyabr, AZƏRTAC

ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi, İtaliyanın Berqamo Universiteti və Əlcəzairin Setif 2 Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “PraNet” ("Prevention of Radicalisation Network") beynəlxalq layihəsi uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, bu münasibətlə tərəfdaşlarla, müstəqil ekspertlərlə və layihədən faydalanan iştirakçılarla birgə layihənin yekunlarına dair onlayn konfrans təşkil edilib.

Ötən ilin yanvar ayından başlayan və bu ilin noyabr ayınadək davam edən layihə radikallaşma əleyhinə lazımi biliklərin ötürülməsi, sosial inklüzivliyin təmin edilməsi və deradikalizasiya siyasətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib. Layihənin məqsədlərindən digəri isə postuniversitet təhsili və akademik tədqiqat yolu ilə inteqrasiyanı təkmilləşdirməkdən ibarətdir.

Uğurla həyata keçirilən layihə iştirakçılara bir çox fürsətlər təqdim edib. Belə ki, 32 azərbaycanlı Berqamo Universitetində bu sahə üzrə magistr təhsili alıb, 43 yerli dövlət qulluqçusu və mütəxəssisi radikallaşma əleyhinə ixtisasartırma təlimlərində iştirak təqaüdü qazanıb. Bundan başqa, mövzu ilə bağlı kitab hazırlamaq üçün beynəlxalq tədqiqat qrupu təşkil edilib, bu ilin iyun ayında akademik sferanı təmsil edənlərin, tədqiqatçı, təcrübəçi və məzunların iştirakı ilə onlayn konfrans keçirilib, eləcə də ali məktəblərin, beynəlxalq təşkilatların və dövlət qurumlarının təmsilçiləri ilə 5 günlük seminar təşkil edilib. Layihə çərçivəsində İtaliya, Əlcəzair və Azərbaycana qarşılıqlı səfərlər təşkil edilib, həmin ölkələrdə mövzu ilə bağlı tədqiqatçı və mütəxəssislər şəbəkəsi inkişaf etdirilib.

Qeyd edək ki, təhsil, təlim və tədqiqat potensialının inkişafını hədəfləyən “PraNet” (Radikallaşma Şəbəkəsinin Qarşısının Alınması) layihəsi İtaliya Xarici İşlər Nazirliyi nəzdindəki Təhsil, Universitet və Araşdırma Nazirliyi tərəfindən həyata keçirilən təhsil proqramı çərçivəsində maliyyələşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.