ELM VƏ TƏHSİL
ADA Universitetinin əlaçı tələbələri “Akademik mükəmməllik günü”ndə təltif ediliblər
Bakı, 24 fevral, AZƏRTAC
ADA Universitetində “Akademik mükəmməllik günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Akademik mükəmməllik günü”ndə ADA-nın İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dörd əlaçı tələbəsi təltif edilib.
Tələbələr 2019-cu ilin payız semestri ərzindəki akademik göstəricilərinə əsasən Lütfi Zadə adına təqaüdə layiq görülərək 100 faiz təhsil haqqından azad olunublar. Bundan başqa, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 22 tələbəsi 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə edib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə akademik nəticələri ilə fərqlənən tələbələrin ali məktəb tərəfindən hər zaman dəyərləndirildiyini və təhsil güzəştinin onları daha yüksək nəticələr göstərməyə ruhlandırdığını bildirib.
İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov fakültə tələbələrinin uğurlarından bəhs edib, xarici universitetlərlə mübadilə proqramları çərçivəsində tələbələrin müxtəlif ölkələrdə beynəlxalq təcrübə qazandığını bildirib.
Sonra ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev çıxış edərək tələbələrə təqaüdün verilməsi üçün dəstəyini əsirgəməyən sponsorlara minnətdarlığını bildirib. O, bu dəstəyin gələcək informasiya texnologiyaları mütəxəssislərinin yetişməsinə fayda verdiyini qeyd edib.
Qeyd edək ki, əlaçı tələbələrin təqaüd proqramına “BP Azərbaycan” şirkəti, “AzərEnerji”, “Nar”, “Paşa Bank”, “Paşa Holdinq”, “Azercell Telecom”, “AzIntelecom”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Mərkəzi və “Rapid Solutions” şirkəti dəstək olub.