MƏDƏNİYYƏT
ADA Universitetinin kitabxanası ilə Respublika Gənclər Kitabxanası arasında əməkdaşlıq barədə razılıq əldə olunub
Bakı, 13 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iş təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə müasir texnologiyalar infrastrukturuna malik ADA Universitetinin kitabxanasında olublar.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Elçin Məmmədov kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, kitabxana müasir informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Kitabxanada tətbiq edilən Millennium Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi yeni-OCLC WMS Kitabxana-İnformasiya Sistemi ilə əvəz edilib və hazırda kitabxananın bütün informasiya prosesləri bu sistem vasitəsilə avtomatlaşdırılıb.
ADA Universitetinin kitabxanasının mütəxəssisləri - Vəfa Məmmədova istifadəçi xidməti haqqında və Nigar Babayeva tədqiqat və tədris xidmətləri haqqında praktiki məlumat verib, sualları ətraflı cavablandırıblar.
Görüş zamanı ADA Universiteti Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında kitab mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.