REGİONLAR
ADA Universitetinin müəllimi NDU-nun tələbələri üçün seminar keçib
Naxçıvan, 29 aprel, AZƏRTAC
ADA Universitetinin İnsan və peşəkar inkişaf bölməsinin müəllimi Aygün Məmmədovanın Naxçıvan Dövlət Universitetində (NDU) seminarı təşkil edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Aygün Məmmədova İngilis dili və tərcümə kafedrasının müəllim və tələbələri üçün təşkil olunan seminarda əvvəlcə fəaliyyət göstərdiyi ali təhsil ocağı haqqında məlumat verib.
Sonra “Effektiv ünsiyyətin təşkili qaydaları” mövzusunda seminar keçirilib. İngilis dilində təşkil olunan seminar-diskussiyada mövzu ilə bağlı ətraflı məlumat verilib. Verbal və qeyri-verbal ünsiyyət növləri haqqında danışan ADA Universitetinin müəllimi qeyd edib ki, verbal ünsiyyət nitq vasitəsilə, qeyri-verbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur. Danışıqlarda ünsiyyətin təsirli və səmərəli olması üçün bir neçə əsas məqama diqqət yetirilib. Vurğulanıb ki, ancaq qarşılıqlı anlaşma şəklində baş tutan ünsiyyətdən gözlənilən nəticəni əldə etmək olar.
Effektiv ünsiyyət qurmağın qaydalarından danışan Aygün Məmmədova yaxşı natiq olmaq üçün yaxşı dinləyici olmağın da vacibliyini diqqətə çatdırıb. Sonda mövzu ilə bağlı müəllim və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, ADA Universitetinin əməkdaşı olan Aygün Məmmədova Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunu olub.