İDMAN


“ADEL for Tokyo 2020 Olympics” platforması Azərbaycan dilində istifadəyə verilib

Bakı, 28 aprel, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün vacib olan “ADEL for Tokyo 2020 Olympics” platforması Azərbaycan dilində istifadəyə verilib. Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL tərəfindən hazırlanan bu proqram “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək köməkçi heyət (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildiriblər ki, kursun məqsədi Olimpiya Oyunlarında dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır. Onlayn kursdan keçənlər “Tokio-2020” Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə terapevtik istifadə üçün icazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirmiş olacaqlar.

İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər verilir və yekunda biliklərin yoxlanılması üçün suallar olur. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlamış olur və elektron sertifikat əldə edirlər.

Bu platforma idmançıların “Tokio-2020” Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir, idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi vacibdir. Bunun Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq AMADA idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir. Qadın güləşçimiz səkkizqat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.