CƏMİYYƏT
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi sentyabrın 26-da davam edir.
AZƏRTAC xəbər verir ki, sərginin ikinci günü hərbi, hüquq-mühafizə və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün nəzərdə tutulub. Sentyabrın 27-də isə kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər sərgini ziyarət edə biləcəklər.
Qeyd edək ki, “ADEX-2018” sərgisində 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətləri iştirak edir.
“ADEX-2018” sərgisində Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Şirkətlərin sayına görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgiyə 270-dən artıq məmulatla qatılıb.
Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nazirliyin müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş etdirilir. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola bilərlər.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sərginin fəal iştirakçılarıdır.
Bundan başqa, bu il ilk dəfə Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi qatılıb.
“ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunur.
Sərginin açıq meydançasında isə müxtəlif xarici şirkətlərin hərbi və xüsusi təyinatlı texnikası, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün nəzərdə tutulan vasitələrdən ibarət statik ekspozisiya yerləşdirilib.