ADİU–da “Thomson Reuters” şirkətinin təlimləri yekunlaşıb




Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Thomson Reuters” şirkətinin ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasının təlimləri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADİU-da təşkil olunub. Təlimlərdə “Thomson Reuters”in nümayəndələri iştirakçılara “Web of Science” platformasından istifadə qaydalarını öyrədib. Təlimdə ADİU ilə yanaşı, Milli Aviasiya Akademiyası, “ADA” Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.
“Thomson Reuters”in elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu, əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. O, proqramda yalnız ADİU-un deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, “Web of Science” proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir.
ADİU-un elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Web of Science” platformasından istifadə universitetdə aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.
İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.