ƏDLİYYƏ NAZİRİ STRASBURQDA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) dəvəti ilə Strasburqda səfərdə olmuşdur. Nazir AŞ-nin baş katibi Terri Devis, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Bruno Haller, Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun üzvləri, AŞ-nin hüquqi məsələlər üzrə baş direktoru Qi De Vel ilə və digər rəsmi şəxslərlə görüşmüşdür.
Fikrət Məmmədov Terri Devislə görüşərkən, onu AŞ-nin baş katibi seçilməsi münasibətilə təbrik etmiş, yeni vəzifəsində uğurlar arzulamışdır. Nazir Azərbaycan hökumətinin onunla sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulamış, ölkəmizdə həyata keçirilən demokratik islahatlar, xüsusilə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Terri Devis Azərbaycanda aparılan islahatları yaxından izlədiyini və bu sahədə ölkəmizə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirmişdir.
AŞPA-nın baş katibi Bruno Haller “Aqo” monitorinq qrupunun üzvləri ilə görüşlərdə Fikrət Məmmədov ölkəmizin AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.
Ədliyyə naziri və AŞ-nin hüquqi məsələlər üzrə baş direktoru Qi De Vel bu qurum ilə Azərbaycan arasında qanunun aliliyinin təmin olunmasına dair əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən işlərin vəziyyətini və nəzərdə tutulan zəruri layihələri müzakirə etmişlər. Ölkəmizdə ədalət məhkəməsinin səmərəliliyinin artırılması məsələləri, o cümlədən hakimlərin seçilməsi, onların fəaliyyətinin dəyərləndirilməsi və təlimi üzrə Azərbaycan-AŞ işçi qrupunun Strasburqda keçirilmiş iclasının nəticələri nəzərdən keçirilmişdir.
Görüşlərdə ölkəmizin AŞ yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev iştirak etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var