ELM VƏ TƏHSİL


ADMİU-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərgi açılıb

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Vernisaj” rəsm qalereyasında bu ali təhsil ocağının rəssamlıq fakültəsinin təsviri sənət kafedrasının tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş surətçıxarma sərgisi keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova bu sərginin Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan incəsənətinin, o cümlədən rəssamlığın inkişafı üçün misilsiz işlər görüb. “Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi və vurğunu olan, həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərən Ümummilli Liderin xatirəsi mədəniyyət və incəsənət xadimləri tərəfindən daim ehtiramla yad edilir. Surətçıxarma sərgisi ADMİU-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş silsilə tədbirlərin davamıdır”,- deyə o qeyd edib.

Ceyran Mahmudova diqqətə çatdırıb ki, sərgidə təqdim olunan tablolar dünya və milli rəngkarlıq və qrafika məktəbinin zirvələri hesab olunan əsərlərdir. Tələbələrimiz fərdi zövqlərinə əsaslanaraq Repin, Da Vinçi, Pikasso, Vermeyer, Rembrandt, Deqa, Mone, Van Qoq, N.Əbdürrəhmanov, M.Abdullayev və Q.Yunusun əsərlərinə müraciət ediblər.

Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova sərginin keçirilməsinə göstərdiyi köməyə görə universitetin rəhbərliyinə təşəkkür edərək bildirib ki, akademik bədii tədris proqramının mühüm aspektini təşkil edən surətçıxarma təcrübəsi rəngkarlıq, qrafika ixtisasının spesifik sahəsidir.

Sonra beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva, ali dərəcəli bərpaçı və ekspert, Əməkdar rəssam Natiq Səfərov, layihənin rəhbəri, təsviri sənət kafedrasının müəllimi Rəşad Cabarov çıxış edərək sərgidə nümayiş olunan əsərlər haqqında məlumat veriblər .

Sərgi mayın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.