ELM VƏ TƏHSİL


ADMİU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan musiqi müsabiqəsi keçiriləcək

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birlikdə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Gələcəyin müəllimi” I açıq musiqi müsabiqəsi keçirəcək.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət və İncəsənət Universiteti və ADPU-nun musiqi müəllimliyi ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin məqsədi iştirakçıların yaradıcılıq fəaliyyətinin inkişafına, müəllimlik fəaliyyətində yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislərin, gələcəkdə cəmiyyətə layiqincə xidmət edən mükəmməl kadrların hazırlanmasından ibarətdir. Burada gənc iştirakçılar yaradıcılıq potensiallarını gerçəkləşdirmək, özlərini gələcəyin müəllimi kimi təsdiq etmək imkanı qazanacaqlar. Müsabiqə hər iki ali məktəbdə və Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

ADMİU-nun instrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın layihəsinə əsasən keçirilən müsabiqənin təşkilat komitəsi və münsiflər heyəti ADMİU və ADPU-da çalışan peşəkar mütəxəssislərdən ibarətdir.

Müsabiqənin açılış mərasimi aprelin 19-da saat 17.00 Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Aprelin 20-də ADMİU-nun birinci tədris korpusunda yerləşən Vernisaj zalında püşkatma mərasimi olacaq və püşkatmanın nəticələrinə əsasən müsabiqədə iştirak ardıcıllığı təyin ediləcək.

Müsabiqənin birinci turu aprelin 22-dən 26-dək, ikinci turu isə aprelin 26-dan mayın 1-dək keçiriləcək. Qaliblər “solo” (alətlər üzrə), “duet və ya ansambl” (instrumental, vokal) və “müəllim-tələbə dueti” olmaqla üç nominasiya üzrə müəyyənləşdiriləcək.

Qaliblərə diplom və pul mükafatı veriləcək. Laureatlar mayın 3-də ADPU-nun akt zalında keçiriləcək qala konsertdə çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.