ELM VƏ TƏHSİL
ADMİU-nun məzunu şəhid Süleyman Bağırovun məzarı ziyarət olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və əməkdaşları ali məktəbin məzunu şəhid Süleyman Bağırovun Şirvan şəhər Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, önünə əklil qoyublar.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, şəhidin ailəsi ilə görüşdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova Vətən müharibəsində universitetin üç şəhid məzunu və 50-dən çox iştirakçısı olduğunu söyləyib, tələbə və müəllimlərin onların hər biri ilə fəxr etdiyini deyib. Rektor ADMİU-da Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər lövhəsi”nin açıldığını, orada şəhid məzunların adlarının və şəkillərinin olduğunu qeyd edib, bunun tələbələr üçün bir vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. C.Mahmudova şəhid və qazi ailələrinin hər zaman dövlətimizin və universitet rəhbərliyinin diqqətində olduğunu bildirib.
Qeyd edək ki, 1992-ci il fevralın 1-də Sabirabadın Sarxanbəyli kəndində anadan olan Süleyman Bağırov 2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsi sənətşünaslıq ixtisası təsviri sənət tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə təhsil alıb. O, tələbəlik illərində universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də ictimai əsaslarla bir neçə televiziya kanalı ilə əməkdaşlıq edib. 2015-ci ildə universiteti bitirdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsində həqiqi xidmətə başlayıb, xidməti dövründə hərbi təhsilə cəlb edilib, C.Naxçıvanski adına Hərbi Liseydə oxuyaraq leytenant rütbəsini qazanıb.
Azərbaycan tarixinə 4 günlük müharibə kimi daxil olan Aprel döyüşlərində iştirak edib. Şəhid general-mayor Polad Həşimov Süleymanın komandiri olub.
Leytenant Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə sentyabrın 29-da könüllü qoşulub. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 13-də Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
2019-cu il dekabrın 15-də ailə quran şəhidimizin şəhadətindən sonra dünyaya gələn qız övladı Vətənə əmanət qalıb.
Leytenant Süleyman Bağırov şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.