DÜNYA
“ADNOS” milli neft şirkəti Yaxın Şərqdə ən qiymətli brend hesab edilib
Əbu-Dabi, 23 yanvar, AZƏRTAC
Əbu-Dabinin “ADNOS” neft şirkəti brendlərin və strategiyanın qiymətləndirilməsi üzrə dünyada aparıcı məsləhətçi sayılan “Brand Finance” reytinqində Yaxın Şərqdə ən qiymətli marka hesab edilib.
AZƏRTAC xəbər verir ki, “ADNOS” şirkəti bu regionda “Brand Finance Global 500 – 2019” illik hesabatında brendi 8,9 milyard ABŞ dolları (32,69 milyard dirhəm) məbləğində qiymətləndirilmiş ilk neft-qaz şirkəti və dünyanın ən qiymətli 500 brendinin siyahısına daxil edilmiş beş Yaxın Şərq brendindən biridir.
Dövlət naziri və “ADNOS Group”un baş direktoru Sultan bin Əhməd Sultan Al Caber bildirib ki, şirkətin transformasiya və artım strategiyası şəffaf, fəal və strateji kommunikasiya və marketinq ilə dəstəklənib, bu fakt şirkətin biznesinin genişlənməsində, onun BƏƏ iqtisadiyyatına töhfəsinin və dünya neft-qaz sahəsinə təsir dərəcəsinin artmasında həlledici rol oynayıb.
Nazir vurğulayıb: “Şirkətimizin bütün əməkdaşları səylə çalışır, 2030-cu ilə qədər inteqrasiya edilmiş artım strategiyasını həyata keçiririk. Bu fədakar işin və sabiqliyin etiraf edilməsi bizim üçün şərəfdir”.
Qeyd edək ki, “Brand Finance Global 500” siyahısına “ADNOS” ilə yanaşı, BƏƏ-nin daha iki brendi – “Etisalat” telekommunikasiya şirkəti və “Emirates” aviaşirkəti də həmin daxil edilib. Birinci yeri “Amazon” şirkətinin tutduğu bu siyahıya “IBM”, “Shell”, “Mercedes-Benz”, “Samsung” və “China State Grid” kimi nəhənglər və Asiyanın ən qiymətli brendi sayılan “B2B-brend” də daxildir.
"Brand Finance”-ın baş direktoru Devid Hey izah edib ki, “ADNOS” inkişaf etməkdə olan enerji bazarında yaradılan imkanlardan istifadə edir, buna görə də onun brendinin qiyməti yüksək artım nümayiş etdirir. D.Heyin sözlərinə görə, şirkət dünyanın ən qiymətli 500 brendinin yeni reytinqində həm də Yaxın Şərqdə ən qiymətli brend kimi debüt edir. Bu fakt “ADNOS”un gələcəyin milli neft şirkəti brendinin formalaşmasına, BƏƏ-də iqtisadi artımın, şaxələndirmənin və birbaşa xarici investisiyalar cəlb edilməsinin güclü katalizatoru qismində rolunu təsdiqləyir.
Xatırladaq ki, 1996-cı ildə yaradılmış "Brand Finance” şirkəti biznesin və brend strategiyasının qiymətləndirilməsi üzrə dünyada aparıcı müstəqil məsləhətçidir. Qərargahı Londonda yerləşən şirkət dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir. "Brand Finance” hər il bütün sektorlarda və regionlarda 3500-dən çox brendi qiymətləndirir. Ən qiymətli 500 brend “Brand Finance Global 500 - 2019” siyahısına daxil edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi