ELM VƏ TƏHSİL
ADNSU Azərbaycan Universitetləri Sərgisində təmsil olunub
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçirilən sərgidə ziyarətçilər ADNSU-nun stendinə xüsusi maraq göstəriblər. Onlara Azərbaycan, rus və ingilis dillərində üç adda buklet və iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə ali məktəbin tədris şəraiti və yeniliklərlə tanışlıq imkanı yaradılıb.
Eyni zamanda, stendə yaxınlaşan və ADNSU ilə maraqlanan ziyarətçilər universitetin nümayəndələri ilə bilavasitə ünsiyyət quraraq tədris olunan ixtisaslar, qəbul göstəriciləri, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, ali məktəbdə tələbələr üçün yaradılan imkanlar haqqında məlumat alıblar.