ELM VƏ TƏHSİL


ADNSU “Horizon 2020” proqramı çərçivəsində beynəlxalq layihədə tərəfdaş kimi iştirak edəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2022-ci ildən etibarən HPC (High Performance Computing) mərkəzinin imkanlarından istifadə etməklə “Horizon 2020” proqramının enerji sistemlərinin dayanıqlığının artırılması istiqamətində “ELECTRON: rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid” layihəsinə qoşulur. Bununla əlaqədar olaraq bu ay layihənin plenar iclası keçiriləcək və ADNSU layihənin üzvü kimi təqdim olunacaq.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Layihənin əsas məqsədi Elektrik Yükü və Enerji Sistemlərində (EGES) kiberhücumlar, elektrik pozuntuları, bir sıra insan faktorlu xətaların qarşısının alınması üçün smart texnologiyaların tətbiqi ilə paylanmış idarəetmə qabiliyyəti kimi bir sıra üstünlüklərə malik EGES platformalarının yaradılmasıdır.

Qeyd olunan layihədə ADNSU layihənin idarə olunması və koordinasiyası kimi bir sıra funksiyaları yerinə yetirəcək.

Layihədə Belçika krallığı, o cümlədən Fransa, İspaniya, Yunanıstan, İsveç, Norveç və digər Avropa ölkələri iştirak edir. Layihənin icra müddəti 2021-ci il 1 oktyabr və 2024-cü il 30 sentyabr tarixlərini əhatə edir. İlkin məlumata görə, layihənin ümumi büdcəsi 10 milyon avrodan çoxdur.

Həmçinin 2021-ci ilin iyul ayından etibarən Yunanıstanın Qərbi Makedoniya Universitetinin mütəxəssisləri ilə birgə yeni “POWER4GRID” layihəsi hazırlanıb və “Horizon 2020” proqramına təqdim olunub. Bu layihədə 14 ölkənin 36 təşkilatı birgə fəaliyyət göstərir. Azərbaycandan Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR və ADNSU bu layihədə tərəfdaş kimi iştirak edəcək.

“POWER4GRID” layihəsinin əsas məqsədi müxtəlif xarakterli problemlərə (kiberhücumlar, təbii fəlakətlər, iqlimin dəyişməsi, insan faktorlu xətalar) qarşı dayanıqlı, özünü idarəetmə və sazlama imkanlarına malik grid sistemləri platformasının hazırlanmasıdır. Burada süni intellekt üsullarından istifadə etməklə risklərin qiymətləndirilməsi və qərarların qəbul edilməsini təmin etməklə daha dayanıqlı və etibarlı sistemlərin əsaslarının hazırlanması nəzərdə tutulur.

Hər iki layihənin müzakirəsi, təkmilləşdirilməsi, bu layihənin icra olunması üçün universitetin, bütövlükdə isə ölkəmizin imkanlarının araşdırılması məqsədilə Yunanıstanın Qərbi Makedoniya Universitetinin mütəxəssisləri yanvarın 23-dən ADNSU-da olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.