ELM VƏ TƏHSİL
ADNSU “KCA Deutag” şirkəti ilə əməkdaşlığı genişləndirir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “KCA Deutag” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə əməkdaşlıq və kadr hazırlığı məsələləri müzakirə olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin əməliyyat üzrə meneceri Frezer Eberntiyə uzunmüddətli əməkdaşlığa görə təşəkkür edib. M.Babanlı ADNSU-da savadlı yüksək intellektə malik tələbələrin olmasına baxmayaraq bəzi təhsil kontentlərinin çatışmazlığının tələbələrə texniki çətinliklər yaratdığını qeyd edib, şirkətinin bu işdə göstərdiyi texniki dəstəyi yüksək dəyərləndirib.
Rektor yeni yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) barədə məlumat verib, burada dünya standartlarına uyğun tədrisin həyata keçiriləcəyini söyləyib.
Görüşdə “KCA Deutag” şirkətində tələbələrin təcrübə mübadiləsi və mütəxəssis hazırlığı keçməsi məsələsi də müzakirə olunub.
“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyi üzrə əməliyyat meneceri Frezer Ebernti ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qonaq universitetlə 18 ildir ki, əməkdaşlıq etdiklərini və bu ali məktəbin tələbələrinin şirkətdə xüsusilə fərqləndiklərini deyib.
F.Ebernti ADNSU ilə “Scoolarships” proqramı üzrə əməkdaşlığın daha səmərəli şəkildə həyata keçirilməsi üçün proqrama tələbələrin seçimi vaxtının aprel-may aylarından yanvar ayına keçirilməsini təklif edib. Qeyd edilib ki, bu proqram üzvü tələbələrin fəaliyyətinin monitorinq olunması baxımından əhəmiyyətlidir.
M.Babanlı bu təklifi yüksək dəyərləndirib, universitetdə aparılan islahatların sayəsində şəffaflığın tam təmin olunduğunu bildirib.