ELM VƏ TƏHSİL


ADNSU-da Alqoritmika informasiya texnologiyaları kurslarını müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat verilib

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Code for Future” - ADNSU təhsil layihəsinin (Alqoritmika informasiya texnologiyaları kursları) bağlanış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Təhsil Nazirliyi nümayəndələrinin, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Alqoritmika informasiya texnologiyaları kurslarının qısa icmalı haqqında videoçarx nümayiş olunub, layihənin ərsəyə gəlməsi haqqında məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Alqoritmika informasiya texnologiyaları kurslarının keçirdiyi “Code for Future” təhsil layihəsinə start verilib. Kurslar (bootcamp) Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihə çərçivəsində ADNSU-da 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edib. ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələrinin iştirak etdiyi kurslarda Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqramı üzrə tədris aparılıb və layihə 298 tələbəni əhatə edib.

ADNSU-nun rektoru professor Mustafa Babanlı layihənin tələbələr üçün önəmindən danışıb. M.Babanlı bildirib ki, kurslara start veriləndə 700-dən yuxarı tələbə müraciət etmişdi, onlardan 298-i layihədə iştirak etmək hüququ qazandı və 260 tələbə kursu artıq uğurla başa vurub.

Universitetin əsas vəzifəsinin tələbələrə yüksək təhsil vermək və ixtisaslı mühəndis kadrlar hazırlamaq olduğunu qeyd edən rektor tələbələrin ixtisasları ilə yanaşı, informasiya texnologiyaları biliklərinin yüksək olmasının vacibliyini söyləyib. O əlavə edib ki, Veb-tərtibatçılıq və Sistem inzibatçılığını əhatə edən hazırkı layihə bu baxımdan tələbələr üçün çox əhəmiyyətlidir və onların gələcək fəaliyyətlərində öz müsbət təsirini göstərəcək. Professor M.Babanlı belə bir innovativ layihədə iştiraka və ADNSU-ya dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıq edib.

Təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini vurğulayıb. Nazir bildirib ki, bu gün dünyada, o cümlədən Azərbaycanda rəqabət aparmaq, uğurlu nəticə əldə etmək üçün bilikli olmaq əsas şərtdir. Təbii ki, biz belə layihələrə önəm verməklə tələbələrin daha da hazırlıqlı olmasına, onların mövcud bazar iqtisadiyyatına və tələblərə uyğun formalaşmasına dəstək veririk.

E.Əmrullayev qeyd edib ki, savadlı mühəndis kadr olmaq üçün hər bir tələbə texniki və riyazi biliklərlə yanaşı, informasiya texnologiyaları sahəsində kifayət qədər məlumatlı olmalı, sürətlə yenilənən texnoloji dəyişiklikləri vaxtında əxz etməlidir.

Sistem inzibatçılığı kursu üzrə təlimçi Zeynal Xıdırov və Veb-proqramlaşdırma kursu üzrə təlimçi Sevda Hüseynova videotəqdimatla çıxış ediblər. Onlar tələbələrin çalışqan olduğunu və kurslarda böyük maraqla iştirak etdiklərini bildiriblər.

Nazir Emin Əmrullayev, ADNSU-nun rektoru Mustafa Babanlı Alqoritmika informasiya texnologiya kurslarını müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar təqdim ediblər.

Sonra maraqlı konsert proqramı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.