ELM VƏ TƏHSİL
ADNSU-da COVID-19-la əlaqədar İşçi Qrup və təcrid olunmaq üçün otaqlar təşkil edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 29-dan etibarən ali məktəblərdə ənənəvi tədrisə start verilməsi ilə əlaqədar koronavirus pandemiyasından irəli gələn məsələlərin operativ həlli məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İşçi Qrup yaradılıb.
Eyni zamanda, özündə COVID-19-a aid hər hansı əlamət hiss edən və ya universitetdə olduğu zaman koronavirus testindən pozitiv cavab alan əməkdaş və tələbələrin təcrid olunması üçün hər mərtəbədə otaqlar ayrılıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, 25 nəfərdən ibarət İşçi Qrupun yaradılması və koronavirusa yoluxma şübhəsi olan şəxslər üçün xüsusi təcrid otaqlarının ayrılması haqqında qərar ADNSU-nun Elmi şurasının sentyabrın 22-də keçirilmiş iclasında qəbul olunub. Vaksinasiya prosesinin səmərəli şəkildə təşkil edilməsi məqsədilə ADNSU-da Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə TƏBİB-lə birgə peyvənd otağı açılıb. ADNSU-da mütəmadi olaraq dezinfeksiya işləri də həyata keçirilir, sentyabrın 29-dan isə universitetin korpusları 5 alternativ giriş-çıxışla təmin olunacaq.