ELM VƏ TƏHSİL


ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda müzakirələr aparılır VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ADNSU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beş ölkədən alim və mütəxəssislər iştirak edirlər.

Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil ocağında energetika sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. Bildirilib ki, ADNSU ölkəmizdə müvafiq sahə üzrə ən çox mütəxəssis yetişdirən ali məktəbdir. Məqsəd Azərbaycanın energetika sahəsində surətli inkişafı naminə keyfiyyətli kadrlar hazırlamaqdır. Ölkəmizdə energetika sahəsinə dövlət qayğısından danışan rektor bu istiqamətin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Rektor diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin əsas məqsədi energetika sahəsində tanınmış alimlərlə universitetimizdə müzakirələr aparmaq, müvafiq istiqamətdə müəyyən problemlərin həlli yollarını tapmaqdır. Həmçinin konfrans azərbaycanlı alimlər üçün də önəmli platformadır. Çünki onlar dünyanın tanınmış alimləri ilə müzakirələr aparmaq imkanı əldə edəcəklər.

Energetika sahəsində tanınmış alim və mütəxəssislərin Bakıda toplanmaları baxımından tədbirin əhəmiyyətini vurğulayan təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ADNSU-nun bütün istiqamətlərdə olduğu kimi müvafiq sektorda da mühüm işlər gördüyünü diqqətə çatdırıb. Universitetdə yetişdirilən kadrların energetika sahəsinə verdiyi töhfələrdən danışan nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müvafiq istiqamətdə inkişaf müşahidə olunur. M.Vəliyeva konfransın ekologiyanın çirklənməsinin qarşısının alınması, alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə və s. öz töhfəsini verəcəyinə inandığını bildirib.

Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilən enerji layihələri barədə məlumat verib. O deyib: “Azərbaycan və Türkiyə üçün strateji layihə olan TANAP iki ölkənin siyasi iradəsi hesabına həyata keçirilib. Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün bu layihə olduqca önəmlidir. TANAP Azərbaycan və Türkiyə liderlərinin birgə həyata keçirdiyi tək layihə deyil. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri də birgə səylərin parlaq nümunəsidir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur”.

“Rosatom-beynəlxalq şəbəkə”nin prezidenti Aleksandr Merten atom energetikasında təhlükəsizliyin təmin olunması barədə təqdimatla çıxış edib.

Konfransın işinə uğurlar arzulayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev mövzuların aktuallığı baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Belə görüşlərin mütəmadi təşkilini təqdirəlayiq hal kimi dəyərləndirən E.Babayev bu işdə ADNSU-ya dəstək olmağın vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu universitet enerji sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesini də uğurla həyata keçirir.

E.Babayev, həmçinin ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Sonra Azərbaycanda energetika sahəsinin inkişafından bəhs edən film nümayiş olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir, Qazi Universitetinin professoru Cengiz Taplamacioğlu və başqaları energetika sahəsi ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Konfrans işini panel iclasları ilə davam etdirib.

İkigünlük konfransda “Müasir energetikanın problemləri”, “Bərpa olunan enerji mənbələri”, “Nüvə energetikası” bölmələr üzrə təqdim edilən 60-dan çox tezisdən seçilmiş mövzular üzrə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.