ELM VƏ TƏHSİL
ADNSU-da akademiklər Ələşrəf Əlizadə və Şəfaət Mehdiyevin xatirəsinə həsr olunan konfrans keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan neft geologiyasının görkəmli alimləri, akademiklər Ələşrəf Əlizadə və Şəfaət Mehdiyevin xatirəsinə həsr olunan “Karbohidrogenlərin yaranması, miqrasiyası və toplanması, akademiklər Ə.Əlizadə və Ş.Mehdiyevin nəzəriyyələrinin inkişafı” mövzusunda konfrans keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev konfransın əhəmiyyətini qeyd edib, akademiklər Ə.Əlizadə və Ş.Mehdiyevin mənalı ömür yolundan, elmə verdikləri töhfələrdən danışıb.
Sonra alimlərin, neft şirkətləri mütəxəssislərinin neft və qazın geologiyasına dair mühazirələri dinlənilib, müzakirələr aparılıb.