ELM VƏ TƏHSİL
ADNSU ilə “Azərikimya” İB arasında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılıb
Sumqayıt, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İmran Arzumanzadə 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərikimya” Dövlət Şirkətinin SOCAR-ın tabeliyinə verilməsindən (“Azərikimya” İstehsalat Birliyi statusunda) sonra burada gerçəkləşdirilən rekonstruksiya və modernizasiya işləri barədə ətraflı məlumat verib. Dəyəri təqribən 1 milyard manat təşkil edən bu işlərin 2020-ci ildə tamamlanacağından sonra “Azərikimya” İB-də propilen istehsalının ildə 60 min tondan 175 min tona, etilen istehsalının isə 100 min tondan 200 min tona çatdırılacağını bildirən İmran Arzumanzadə 2021-ci ildə Neft Emalı Zavodu ilə bağlı işlərin də yekunlaşması ilə müasir qurğu və avadanlıqların tətbiq olunduğu bütöv bir istehsal zəncirinin təmin olunacağını və burada çalışmaq üçün yüksəkixtisaslı gənc mütəxəssislərə ehtiyacın artacağını vurğulayıb.
Professor M.Babanlı rəhbərlik etdiyi universitetdə ixtisasların akkreditasiyası, tədrisin istehsalat və sənayenin tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib. ADNSU-nun “Azərikimya” İB ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor ali məktəbdə buraxılış işlərinin mövzularının müəyyənləşdirilməsi, tələbələrin gündəlik təcrübə, eləcə də tədris proqramına uyğun istehsalat təcrübəsi keçməsi kimi məsələlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Mustafa Babanlı seçilmiş fənlər bölümündə “Azərikimya” İB-nin tələblərinə uyğun tədrisin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib və deyib ki, müəssisənin mütəxəssisləri ADNSU-da doktorantura səviyyəsində təhsil də ala bilərlər.
Görüşdə ADNSU-nun 119 nəfər IV kurs tələbəsinin hazırda “Azərikimya” İB-də istehsalat təcrübəsi keçdiyi, universitetin neçə-neçə məzununun bu müəssisədə çalışdığı qeyd olunub.
ADNSU ilə “Azərikimya” İstehsalat Birliyi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müəyyənləşdirmək üçün işçi qrupunun yaradılmasına dair razılıq əldə edilib.