ELM VƏ TƏHSİL
ADNSU ilə Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Böyük Britaniyanın Lester Universitetinin nümayəndələri - Universitetinin strateji əməkdaşlıq üzrə direktoru Maykl Qrin və qeydiyyat və əməliyyat direktoru Deyvi Holla görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetlər arasında uğurlu əməkdaşlıq və təhsil proqramlarının müzakirə olunduğu görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali təhsil ocağı və Lester Universiteti arasındakı əlaqələrin bir sıra sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Rektor deyib: “Bu gün əməkdaşlığımız genişlənib və geniş imkanlar formalaşıb. Biz bundan istifadə edərək tələbə mübadiləsini, eyni zamanda, “Erasmus+” proqramı ilə birgə fəaliyyətimizi davam etdirəcəyik”.
Deyvi Holl qeyd edib ki, bir çox ölkələrlə tələbə mübadiləsində əməkdaşlıq edən Lester Universitetinin prioritet istiqamətləri ingilis dilinin tədrisi, biznes mühitinin inkişaf etdirilməsi, təcrübə və təhsil proqramlarıdır.
Maykl Qrin tələbə mübadiləsinin ikitərəfli olması üçün universitetlərində tələbələrə Azərbaycan, ADNSU haqqında geniş məlumat verildiyini bildirib.
Görüşdə iki universitet arasında əməkdaşlıq məsələləri və yeni planlar müzakirə olunub. Startap sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə yeni layihələr təklif olunub.
Sonra qonaqlar Erasmus+ proqramı çərçivəsində bir semestr Lester Universitetində təhsilini davam etdirəcək ADNSU tələbələri ilə görüşüblər.
Qeyd edək ki 2016-2017-ci tədris ilində ADNSU-nun 4 nəfər tələbəsi Erasmus+ proqramı çərçivəsində Lester Universitetində payız semestrində təhsil alacaqlar. Əməkdaşlıq proqramı ikiillik olub, növbəti semestrlərdə də tələbə və müəllim mübadiləsini nəzərdə tutur.
Lester Universitetinin nümayəndələri ADNSU-nun startap məktəbi və bəzi tələbələrin layihələri ilə tanış olublar.