ELM VƏ TƏHSİL
ADNSU ilə “Holcim (Azərbaycan)” ASC arasında əməkdaşlığa dair saziş imzalanıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Holcim (Azərbaycan)” ASC-nin baş direktoru Rossen Papazovla görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib.
“Holcim (Azərbaycan)” ASC-də istehsal olunan məhsulların Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirən rektor bu şirkətlə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Holcim” kimi bir şirkətdə təcrübə keçmək universitetin tələbələri üçün çox önəmlidir.
Universitet ilə şirkət arasında əlaqə yaratmaq və ali təhsil ocağının həm də biznes mühitinə çevrilməsinə nail olmaq üçün bir sıra işlər aparıldığını deyən M.Babanlı bu istiqamətdə yeni proqramlar hazırlamaq niyyətində olduğunu vurğulayıb.
ADNSU ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayan R.Papazov universitetin məzunlarının şirkətdə yüksək vəzifələrdə çalışdıqlarını və işlərinin öhdəsindən uğurla gəldiklərini qeyd edib. Direktor biznes və universitet əməkdaşlığının çox önəmli olduğunu diqqətə çatdırıb.
Sonra əməkdaşlığa dair saziş imzalanıb.