ELM VƏ TƏHSİL
ADNSU ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru Ramil Baxtizin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı qonağa vaxtilə bu təhsil müəssisəsində aspirant kimi elmi fəaliyyətlə məşğul olduğunu xatırladıb. Rektor deyib: “Burada təhsil aldığınız və elmi fəaliyyətlə məşğul olduğunuz üçün ADNSU sizə doğmadır. Bu gün bizim ali təhsil sahəsində əməkdaşlığımız da çox əhəmiyyətlidir. Əminəm ki, bu əməkdaşlıq daha da genişlənəcək.”
R.Baxtizin 30 ildən çox müddət keçməsinə baxmayaraq yenidən doğma ali təhsil ocağında eyni hissləri yaşadığını bildirib. Bakının və ADNSU-nun onun həyatında olduqca mühüm rolunu qeyd edən rektor Azərbaycanı ikinci Vətəni hesab etdiyini deyib.
Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin UDNTU-da fəaliyyəti haqqında danışan R.Baxtizin onunla bağlı xatirələrini bölüşüb, akademikin bu ali məktəbdə professor yoldaşları ilə çəkilmiş fotoları nümayiş olunub.
Eyni zamanda, UDNTU-nun fəaliyyəti barədə məlumat verən rektor ötən semestr təhsillərini Ufada davam etdirən ADNSU-nun tələbələrinin imtahanlarda göstərdikləri yüksək nəticələrdən danışıb, iki universitet arasında tələbə mübadiləsi sahəsindəki əməkdaşlığa yüksək önəm verildiyini qeyd edib.