ELM VƏ TƏHSİL
ADNSU-nun İctimai Etimad Şurası universitetdə imtahan prosesini izləyib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının üzvləri bu ali məktəbdə qış semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
Şuranın sədri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, üzvləri Sahib Məmmədov, Etibar Əliyev, İlham Şaban, Səadət Məmmədova, həmçinin media nümayəndələri auditoriyalarda imtahan prosesini izləyib, şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzinin iş prosesi və s. ilə yaxından tanış olublar.
İctimai Etimad Şurasının üzvlərinə yanvarın 10-dək 2018-2019-cu tədris ilinin qış semestrinin imtahan sessiyasında 12 min 430 tələbənin imtahanlarda iştirak etməsi, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. barədə məlumat verilib. Qeyd edilib ki, yanvarın 10-da ADNSU-da 39 qrup yazılı, 60 qrup isə yazılı-şifahi imtahan verib.
Sonra İctimai Etimad Şurasının üzvləri ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlının görüşü olub. Rektor payız semestrinin imtahan sessiyasının təşkili və bu günədək olan nəticələr barədə danışıb. Universitetdə bu il də şifahi imtahanlara geniş yer ayrıldığını deyən rektor imtahan prosesinə nəzarəti daha yüksək səviyyədə təmin etmək üçün elektron şəbəkənin tam qurulduğunu, qeyri-ixtisas fənləri üzrə imtahanların testlə keçirildiyini və imtahanların 90 faizinin isə yazılı-şifahi formada aparıldığını qeyd edib.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə tələbələrə öz biliyini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini və təhsil müəssisəsində aparılan genişmiqyaslı islahatlar fonunda yeni 24/7 kitabxana təşəbbüsünü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ADNSU-da payız semestrinin imtahan sessiyasında imtahanlar iki növbədə və üç formada (yazılı, yazılı-şifahi və test) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. İmtahan sessiyası qiyabi şöbədə 2018-ci il dekabrın 20-dən, əyani şöbədə isə bu il yanvarın 3-dən başlanıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız iki fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 14-dək 25 faiz ödənişlə təkrar imtahan verə bilərlər.