ELM VƏ TƏHSİL
ADPU-da elmi konfrans: “Məndə siğar iki cahan...”
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan...” mövzusunda Respublika elmi konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu deyib. O, konfransın universitetdə elmi-ədəbi mühitin zənginləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Rektor qeyd edib ki, mütəfəkkir şair Nəsimi Şərq insanının formalaşmasında mühüm rol oynamış qüdrətli sənətkarlardan biridir. O, insanı kamil görmək istəyir, cəhalətin, xurafatın, nadanlığın, sosial ədalətsizliyin, zülmün, haqsızlığın, istismarın əleyhinə çıxır, elmin, maarifin inkişafına yol açması üçün çalışırdı. Nəsimi irsi müasir humanitar düşüncənin tələbləri kontekstində aktualdır və milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Qəzənfər Paşayev “Edamdan sonra başlanan həyat”, ADPU-nun professoru Yaqub Babayev “İmadəddin Nəsimi poeziyasında dünyəvi motivlər” mövzularında məruzələrlə çıxış ediblər.
Qeyd edilib ki, Nəsimi humanist, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlər müəllifi, Azərbaycan ədəbi dilinin formalaşmasında müstəsna rol oynamış şairdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poeziyası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir sıraya qoyur.
Maraqlı və məzmunlu məruzələrdə Nəsiminin yaradıcılığı və fəlsəfi dünyagörüşü geniş təhlil edilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev və ADPU-nun dosenti Qüdrət Umudov çıxış edərək Nəsiminin əsərləri və fəlsəfi düşüncələri ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans öz işini Nəsimi irsi ilə bağlı ədəbiyyatşünaslıq, dilçilik problemləri və müasirlik məsələlərinə dair üç bölmə iclasında davam etdirib. Bölmə iclaslarında ümumilikdə 60-dan çox məruzə dinlənilərək müzakirə olunub.
Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.