ELM VƏ TƏHSİL
ADPU-da görkəmli dilçi alimin xatirəsi anılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi alim, filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları alimin əsərləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Ə.Tanrıverdi universitetdə həyata keçirilən islahatlarda, yeniliklərdə, insan resurslarının inkişafında, layiqli mütəxəssislərin işə cəlb olunmasında fəal iştirak edib. O, kollektivdə sevilən, hörmət edilən bir ziyalı olub.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov Ə.Tanrıverdinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. K.Bəşirov qeyd edib ki, Ə.Tanrıverdi 30 kitabın, 8 proqramın, 250-dən çox tezis və məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. Alim 19 fəlsəfə doktoru, 4 doktorluq dissertasiyasına opponentlik edib, müxtəlif kitabların elmi məsləhətçisi, 100-dən çox dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub. Onun “Azərbaycan dilinin tarixi qrammatikası” dərsliyi respublikamızın müvafiq ali məktəblərinin filologiya fakültələrində əsas dərslik kimi istifadə olunur.
Tədbirdə çıxış edən akademik Nizami Cəfərov, professorlar Fərrux Rüstəmov, Sayalı Sadıqova, Vilayət Əliyev, Zahid Xəlil, Elman Quliyev, Təyyar Salamoğlu mərhum alimin yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.
Sonda görkəmli alimin oğlu Rəşad Tanrıverdi çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.