ELM VƏ TƏHSİL


ADPU-da həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı” layihəsinin məzunlarına sertifikat verilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı” layihəsinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetinin rektoru professor Cəfər Cəfərov dövrün çağırışlarına adekvat olaraq ADPU-nun, xüsusilə Riyaziyyat fakültəsinin kompüter elmləri sahəsində fəaliyyətini mövcud bazar iqtisadiyyatına və tələblərinə uyğunlaşdırdığını bildirib. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Alqoritmika” informasiya texnologiyaları kurslarının keçirdiyi “Code for Future” təhsil layihəsinin də belə addımlardan olduğunu vurğulayan rektor bildirib ki, 2021-2022-ci tədris ilində riyaziyyat-informatika müəllimliyi və informatika müəllimliyi ixtisası üçün ilk dəfə məhz Pedaqoji Universitetdə keçirilən təhsil layihəsində160 tələbə iştirak edib. Tələbələrin rəqəmsal bacarıqların daha dərindən mənimsənilməsi üçün universitetdə ən son kompüterlər ilə təchiz olunmuş 5 yeni laboratoriya qurulub.

Bu il fevralın 15-dən mayın 31-dək davam edən layihə fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanaraq təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Professor Cəfər Cəfərov deyib ki, layihənin uğurunu nəzərə alaraq, onun ADPU-nun filiallarında da keçirilməsi, həmçinin layihənin məzmununun universitetin tədris planına daxil edilməsi və yaxın gələcəkdə Pedaqoji Universitetin müəllimləri üçün də peşəkarlığın artırılması təlimlərinin təşkili nəzərdə tutulur. Bu addımların məzunlarımıza əmək bazarında və elmdə daha yüksək nailiyyətlər qazandıracağına əminik.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev layihədən məzun olan tələbələri təbrik edərək, rəqəmsal bacarıqların müasir dünyadakı roluna diqqət çəkib.

Nazir ADPU-nun ölkəmizin ixtisaslaşmış əsas müəllim hazırlığı mərkəzi olduğunu və buna görə də məhz Dövlət Pedaqoji Universitetində bu cür ən yeni yanaşmaların tətbiqi, yeni nəsil müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin strateji önəmini vurğulayıb.

“Alqoritmika” şirkətinin nümayəndəsi Qəmər Məmmədova layihə haqqında daha ətraflı məlumat verərək Təhsil Nazirliyi ilə birgə tələbə və şagirdlərdə rəqəmsal bacarıqların təşviqi istiqamətində layihələri davamlı icra edəcəklərini bildirib.

Layihənin gedişi haqqında qısa videoçarxın nümayişindən sonra təlimlərin yekunun nəticələrinə görə ən yüksək nailiyyət göstərmiş üç tələbə - Pərvanə Bayramova, Xəyal Əlili və Validə Cəfərlinin təqdimatları keçirilib.

Sonda layihədən məzun olan tələbələrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.