ELM VƏ TƏHSİL
ADPU-da ingilis dili müəllimliyi ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində çalışan amerikalı mütəxəssis Diana Ueylinin rəhbərliyi ilə universitetin fəal müəllimlərindən ibarət işçi qrupu fəaliyyətə başlayıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, yeni qrupun yaradılmasında məqsəd ingilis dili müəllimliyi ixtisasını şərtləndirən yeni tədris planı layihəsinin işlənib hazırlanmasıdır. Diqqətçəkən məqamlardan biri tələbələrin daha səriştəli ingilis dili mütəxəssisi kimi formalaşdırılmasına təkan verən optimal variantın tətbiqinə nail olunmasıdır.
Layihənin icrasına dair tədris departamentinin direktoru, dosent Sənan Əliyevin, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun və beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadənin iştirakı ilə ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, dekabrın 19-da universitetdə Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, ABŞ-ın ölkəmizdəki səfirliyinin, “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi üzrə fəaliyyət göstərən nümayəndələrin iştirakı ilə tədris planının geniş müzakirəsi nəzərdə tutulub.