ELM VƏ TƏHSİL
ADPU-da tanınmış metodist-alim Seyidağa Həmidovun xatirəsi anılıb
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Həmidovun xatirəsinə həsr olunan tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində tanınmış metodist-alimin həyat və fəaliyyətinə aid sərgi ilə tanış olublar.
Tədbirdə “Professor Seyidağa Həmidovun həyatı və elmi-metodik yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov müəllimi ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ADPU burada pedaqoji və elmi-pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə çevrilib. Belə insanlardan biri olan Seyidağa Həmidov 1966-cı ildə müsabiqə yolu ilə ADPU-nun elementar riyaziyyat və onun tədrisi metodikası kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2006-cı ildə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülən Seyidağa Həmidov, həmçinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Onlarca dərslik və dərs vəsaitinin, elmi-metodik tövsiyənin və məqalələrin müəllifi olub.
Tədbirdə professorlar Malik Cəbrayılov, Ramiz Əliyev, Müseyib İlyasov, dosentlər Vaqif Əliyev, Yaqut Rzayeva, Laçın Həsənova, Zahir Kazımov, Qulaməli Balaşov, Şahrza Ağayev və başqaları 80 il mənalı, şərəfli, ləyaqətli müəllim və alim ömrü yaşamış Seyidağa Həmidovla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən söz açıblar. Görkəmli alimin tələbəsi Tükəzban Cahangirova müəlliminə həsr etdiyi şeiri oxuyub.
Sonda Seyidağa Həmidovun ailəsi adından çıxış edən oğlu, hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Səid Həmidov atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.